İyunun 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.

İçərişəhərlə tanışlıq dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə başlayıb. Əminə Ərdoğana qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan təmir-bərpa və abadlıq işləri diqqətə çatdırılıb.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan “Hacı Bani” hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

***

İyunun 13-də Mehriban Əliyeva və Əminə Ərdoğan Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilyarım əvvəl yaradılan mərkəzin məqsədi həssas əhali qruplarından olan şəxslər, o cümlədən şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının, bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etmək, onlara sosial-psixoloji dəstək göstərməkdir. Mərkəzdə hazırda 14 istiqamət üzrə 180-dən çox benefisiar təlim alır.

Qonaqlar audio-səsyazma, floristika və landşaft dizaynı, metal və ağac üzərində oyma, xalçaçılıq, toxuma və tikmə, keramika, musiqi, təsviri sənət studiyalarında keçirilən təlimlərlə, o cümlədən kitabxana ilə tanış olublar.

Azərbaycan və Türkiyənin birinci xanımları təlimçilər və təlim alanların, inklüziv kamera orkestrinin ifasında musiqi nömrələrini dinləyib, benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olub, onlarla şəkil çəkdiriblər.