Mədəniyyət Nazirliyi tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin keyfiyyəti, eləcə də qurumların yerləşdiyi binaların cari vəziyyəti, maddi-texniki imkanları mütəmadi təhlil edilir, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.

Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Gəncə şəhərində vətəndaşların qəbulundan sonra şəhərdəki bir sıra mədəniyyət və bədii təhsil müəssisələrinə baş çəkib.

Adil Kərimli Gəncə şəhərində Nizami Gəncəvi kinoteatrı (hazırda fəaliyyət göstərmir), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və filarmoniyanın Urban mərkəzində olub, mərkəzdə sənətkarlarla görüşüb.

Gəncə Regional Mədəniyyət İdarəsinin də fəaliyyət göstərdiyi Məhsəti Gəncəvi Mərkəzinə gələn nazirə mərkəz barədə məlumat verilib. Bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib, 2014-cü ilin yanvarında açılışı keçirilib.

Müəssisələrə baxış zamanı bu günün çağırışlarına cavab verməyən mədəniyyət obyektlərində işin yenidən qurulması, mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Nazir Gəncə şəhərinin Cavadxan küçəsində yerləşən tarixi abidələrə, o cümlədən memarlıq abidələri kimi dövlət mühafizəsində olan tikililərə də baxıb. Abidələrin mühafizəsinin gücləndirilməsi, tarixi tikililərin bədii-estetik görkəmini korlayan reklam lövhələrinin, məişət qurğularının aradan qaldırılması, təmir-bərpa işləri zamanı qanunvericiliyin tələblərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Sonra nazir Gəncə şəhərinin tarixi mərkəzi – Cavadxan küçəsində sakinlərlə söhbət edib. Söhbət zamanı tarixi abidələrə diqqət və qayğı göstərilməsində aidiyyəti dövlət qurumları ilə bərabər vətəndaş təəssübkeşliyinin vacibliyi də vurğulanıb.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə də baxış keçirilib.