Türkiyənin “Ulusal” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı”  proqramının növbəti buraxılışı xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Azərbaycan Diasporuna Dəstək Fondunun köməkli ilə yayımlanan populyar proqramın bu buraxılışında Ulu öndər Heydər Əliyevlə bərabər, onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da 100 illik yubileyi qeyd olunub. Veriliş boyu iki böyük şəxsiyyət haqqında videoçarxlar göstərilib.

Proqramın qonağı olan soydaşlarımız – məşhur balabançı Əlixan Səmədov, müğənni Elgün Quliyev, türkiyəli müğənni Kırqız Başar, musiqiçi Günel Şahin Adıgözəl öz ifaları, “Dastanların rəqsi” qrupu isə oyunları ilə verilişə əlavə rəng qatıb.

Proqramın müəllifi və aparıcısı, telejurnalist, İstanbul Universitetinin doktorantı Səidə Ömər bildirdi ki, Azərbaycan xalqının Ümummilli liderinə və dünya şöhrətli oftalmoloquna həsr olunmuş veriliş qardaş ölkədə çox böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə də izlənilməkdədir.

Mehparə Sultanova
Ankara