1993-cü ilin 15 iyun tarixindən 30 il keçir. Məlum olduğu kimi, maraqların toqquşduğu siyasətin göstəricisi olan tarixi hadisə və proseslər bir cür baş versə də onlara verilən qiymət adətən fərqli olur. Lakin dünya tarix elmində qəbul edilmiş ümumi metodoloji prinsiplərə görə, hər hansı bir tarixi hadisə və prosesə verilən qiymətdə başlıca meyar onların özündən sonrakı inkişafa necə təsir etməsi, dövlət və millət üçün nəticələrinin müsbət və mənfi olması, hökumətin fəaliyyətinə düzgün qiymət verilməsi isə qarşıya qoyduğu məqsəd və vəzifələri necə yerinə yetirməsi, faydaları və ziyanları ilə ölçülür.


15 İyunadək olan şəraitin mənzərəsi: ümumi böhran məngənəsində

 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqının qarşısında bir sıra vacib vəzifələrin yerinə yetirilməsi dayanırdı: müstəqilliyi qorumaq və möhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək; dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti yaratmaq; Ermənistanın hərbi təcavüzünü dayandırmaq və sair.

Digər tərəfdən, tarixi Azərbaycan torpaqları olan və Ermənistan adlandırılan bu respublikada dədə-baba yurdlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq qaçqına çevrilir, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar dağıdılır, ərazinin etnomədəni mənsubiyyəti itirilirdi. Bunlarla yanaşı, Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinin əhalisi məcburi köçkünə çevrilirdi. Problemləri həll etmək əvəzində hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında bütün mümkün vasitələrlə mübarizə gedirdi.

1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi ölkə qarşısında dayanan problemləri həll edə bilmədi, vəziyyət daha da pisləşdi. Dövlət idarəçiliyində səriştəsizlik, problemlərin həllinə səhv, primitiv, məhdud yanaşma, qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında ixtilaflar, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud davranışlar, ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri, dövlətin varlığını təhdid edən qondarma qurumların elan edilməsi, Azərbaycan xalqının parçalanma astanasında olması, hakimiyyətin xalqdan aralı düşməsi, ona bəslənən ümidləri doğrulda bilməməsi acınacaqlı şərait yaratmışdı.

1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi altında 709 saylı hərbi hissədə qiyam baş verdi. Gəncəyə gedən dövlət və hökumət nümayəndələri girov götürüldülər. Qiyamçı dəstələr Bakıya doğru hərəkət etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin – qardaşın bir-birinin qanını tökməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı.

Xalqın və dövlətin taleyi üçün məsuliyyəti öz üzərinə götürmüş hakimiyyət nümayəndələri belə ağır şəraitdə bir-birinin ardınca istefa verərək canlarını qurtarmaq yolunu tutdular. Onlardan bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Bu, milli dövlətçilik tarixinin utancverici anı olub, gələcəkdə müraciət ediləsi səhifə deyildi.

 

Azərbaycanı bu vəziyyətdən kim çıxara bilərdi?

 

Azərbaycan xalqı düşmüş olduğu vəziyyətdən çıxmaqdan ötrü nicat yolu arayırdı. Adamlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaq? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Bu yükü, məsuliyyəti öz üzərinə götürə bilən tarixi şəxsiyyət, lider varmı?

Çoxlu çətin suallar qarşısında dayanan Azərbaycan xalqının nəzərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə yönəldi. Ona olan inamın bir sıra əsaslı səbəbləri var idi. Birincisi, Heydər Əliyev sovet sisteminin mövcud olduğu bir şəraitdə, 70-ci illərdə respublikanın rəhbəri kimi güclü təşkilatçılıq və idarəçilik bacarığı ilə xalqının başını uca etmiş, onu qabaqcıllar cərgəsinə çıxarmışdı.

İkincisi, Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri olduqdan – 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildikdən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra da dövlət və siyasi xadim olaraq xalqının başını daim uca etmişdi.

Üçüncüsü, Heydər Əliyev Moskvadakı sovet və partiya vəzifələrindən çıxdıqdan sonra həyatı təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək 20 Yanvar qırğınını törədənləri ittiham etdi, xalqının yanında oldu, Naxçıvanda yaşayarkən ağsaqqal deputat kimi sədrlik etdiyi iclasda Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı, sovet dövlətinin və kommunist ideologiyasının düşmən saydığı və inkar etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul olundu, bu barədə Bakıya təklif edildi, hələ SSRİ-nin, Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir şəraitdə bütün təzyiqləri və təhdidləri rədd edərək SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsinə imkan vermədi. Kommunist Partiyası sıralarından istefa verməklə bu ideologiyanın çökməsinə güclü təsir etdi.

Dördüncüsü, Heydər Əliyev 1990-cı ildən etibarən Milli Məclisdə etdiyi çıxışlarında Azərbaycan xalqının gələcəyinin yalnız müstəqillikdə olduğunu qəti şəkildə bildirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya aktına imza atmışdı.

Xalqın dərin inamına görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas edə, mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən hərbi təcavüzünü dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Təkidli tələblər qarşısında çarəsiz qalaraq geri çəkilən Azərbaycan rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

 

Qurtuluş naminə dönüş

 

Bakıya gələrək parlamentdə çıxış edən Heydər Əliyev qiyamın baş verdiyi Gəncəyə getdi. Şəhər əhalisi ilə görüşərək şəraitlə tanış oldu. Bakıya qayıtdıqdan sonra iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.

Bu qayıdış Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləşdirmək üçün əzablarla dolu olan ağır böhran şəraitində xilaskarlıq, qurtuluş naminə dönüş idi. Heydər Əliyevin qarşısında daxili siyasət sahəsində çoxlu mürəkkəb vəzifələri yerinə yetirmək dayanırdı: dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, xalq ilə hakimiyyət arasında uçurumu aradan qaldırmaq, iflic olmuş dövlət hakimiyyət orqanlarını işlək hala gətirmək, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərk-silah etmək, insanlara sakit və təhlükəsiz yaşayış yaratmaq, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı böhrandan çıxararaq inkişafa aparmaq, mənəvi-psixoloji ruhunu yüksəltmək və sair.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi. Əlverişli coğrafi-siyasi mövqeyinə, zəngin təbii sərvətlərinə yiyələnmək uğrunda yüzilliklər boyu imperiya siyasəti yürütmüş dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi mürəkkəb və çətin bir iş idi.

Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Parlamentin prezident səlahiyyətini verməsilə dövlətin və millətin taleyi ilə bağlı bütün məsuliyyəti Heydər Əliyev öz üzərinə götürdü. Ölkəni, dövləti və xalqı bəlalardan qurtaran Heydər Əliyevin bu fəaliyyəti xilaskarlıq, qurtuluş missiyası daşıdı.

 

Azərbaycan xalqı nədən qurtuldu?

 

Heydər Əliyevin parlament sədri, oktyabr ayında isə prezident seçilməsi ilə Azərbaycan xalqı ilk növbədə dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Çünki əvvəlki hakimiyyətin bacarıqsız fəaliyyəti ölkəni iqtisadi, sosial, siyasi, milli təhlükəsizlik, mənəvi, psixoloji və digər sahələrdə fəlakətə salmışdı. Ölkədə yaranmış ağır vəziyyətdən istifadə edən xarici düşmənlər daxildə olan bəzi qrupların köməyilə öz çirkin məqsədlərini həyata keçirməyə başlamışdılar.

İkincisi, Azərbaycan xalqı böyük bir tarixi ləkə ola biləcək və kandarında dayandığı qardaş qırğınından, vətəndaş müharibəsi təhlükəsindən qurtuldu.

Üçüncüsü, Azərbaycan Respublikası xaricdən dəstəklənən separatçılıqdan və parçalanmaqdan xilas oldu, xalq dövlətinin bütövlüyünü qorudu.

Dördüncüsü, Azərbaycan xalqı müstəqil dövlətçiliyə, firavan gələcəyə olan inamsızlıqdan, bədbinlikdən və mənəvi-psixoloji böhrandan xilas oldu.

Beşincisi, Azərbaycan bütün sahələrdə millətin ümumi səviyyəsindən aşağı olan, onun həm iqtisadi, siyasi, təhlükəsizlik, dövlətçilik, həm də mənəvi tələbatına cavab verməyən və nəhayət, müstəqil Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələri yerinə yetirməyə qadir olmayan bacarıqsız hakimiyyətdən xilas oldu.

Altıncısı, Azərbaycan xalqı hakimiyyətə konstitusiyaya zidd yollarla gəlmək, silah və təzyiqlərlə hakimiyyət dəyişikliyinə nail olmaq, eksperimentlər ölkəsinə çevrilmək meyillərindən xilas oldu. Qəti şəkildə bəlli oldu ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir.

 

15 İyundan sonrakı tarixə qısa baxış

 

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni mərhələ başladı. Bu mərhələnin səciyyəvi cəhəti müasir müstəqil dövlətin xilası və möhkəm əsaslarda qurulmasıdır. Hakimiyyətə gəlişi ilə ölkəni parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu.

Uğurlu Horadiz əməliyyatı ilə düşmənə zərbə vuruldu. Bir sıra ərazilər işğaldan azad edildi. İşğalçı ölkə və havadarları Azərbaycanın qəti mövqeyini gördülər.

Dövlətin və millətin inkişafı baxımından tarixi əhəmiyyət daşıyan bir sıra məsələlər həll olundu. Azərbaycan dövləti 1994-cü ilin may ayının əvvəllərində NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi. Heydər Əliyev atəşkəsə torpaqları azad etmək üçün güclənməkdən, dövləti və ordunu qurmaqdan, xarici sərmayəni cəlb etməkdən ötrü vaxt qazanmaqda vasitə kimi baxırdı. Elə ona görə də atəşkəsdən sonra Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi naminə möhtəşəm bir addım atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrinin transmilli şirkətlərilə “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyev bir-biri ilə didişən, rəqabət aparan ölkələri, transmilli şirkətləri ortaq məxrəcə gətirərək Azərbaycanda əməkdaşlığa cəlb etdi. Bəzi ölkələrdən ərazisinin böyük, əhalisinin sayının çox olmamasına baxmayaraq, Azərbaycan onları bir masa arxasında oturda bildi. Soruşulur: ərazisi və əhalisi bir neçə il əvvəlki kimi olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, maraq dairəsinə çevirən amillər hansılar idi? Heç şübhəsiz, bu sualın konkret cavabı vardır: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Təbii sərvət olan neft və qazı Azərbaycanın milli sərvətinə çevirən Heydər Əliyev ölkənin inkişafının açarını məhz enerji ehtiyatlarında gördü.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən sui-qəsdlər, dövlət çevrilişi və qiyam cəhdləri Azərbaycanı yolundan döndərə bilmədi. Çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz əhəmiyyəti oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı, utancverici təcrübəyə son qoyuldu.

Heydər Əliyev Azərbaycan üçün digər bir tarixi əhəmiyyətli məsələni həll etdi. Bilavasitə onun rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası işlənib-hazırlandı və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Müstəqil Azərbaycan Respublikası parlamentinə çoxpartiyalı əsasda seçkilər keçirildi. Bununla da yaxın keçmişin acı qalmaqallı parlament təcrübəsi tarixin arxivinə verildi.

“Allahın insana verdiyi canı yalnız Allah ala bilər” fəlsəfəsinə hakim olan Heydər Əliyev Azərbaycan tarixində nəhəng əhəmiyyət daşıyan qərara imza ataraq ölkədə ölüm hökmünü ləğv etdi.

Azərbaycanın hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Hərbi-sənaye kompleksi yaradılmağa başlandı.

Milli ideyaları vahid milli ideologiya əsasında sistemləşdirərək formalaşdıran Heydər Əliyev bütün ölkə vətəndaşlarını azərbaycançılıq əsasında birləşdirdi.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq anarxiyadan sabitliyə, demokratiyaya, ağır həyat şəraitindən firavan yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha inamı artdı.

Heydər Əliyev xaricdə yaşayan həmvətənlərlə işin qurulması və reallaşdırılması üçün müvafiq qurum yaratdı. Soydaşlarla əlaqələr genişləndirildi. Azərbaycan Respublikası dövləti onların qürur mənbəyinə çevrildi.

Beynəlxalq əlaqələr və xarici siyasət sahəsində mühüm addımlar atıldı. Azərbaycan Respublikasının xarici siyasət strategiyasını müəyyənləşdirən Heydər Əliyev dövlətin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasət xətti yürütməyə başladı. Azərbaycan dövlətinin strateji müttəfiqləri, tərəfdaşları dəqiqləşdirildi, mehriban qonşuluq münasibətlərini qurmaq üçün addımlar atıldı.

Şaxələndirilmiş ixrac neft boru kəmərləri işə salındı və ya təməli atıldı. Bakı –Novorossiysk şimal, Bakı –Supsa ilkin qərb, Bakı –Tbilisi – Ceyhan əsas ixrac neft boru, Bakı –Tbilisi – Ərzurum qaz boru kəmərlərinin əsası qoyuldu. Bu boru kəmərləri təkcə iqtisadi deyil, eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirən, müstəqilliyini gücləndirən, xalqın rifahını və mənəvi-psixoloji ruhunu yüksəldən amillər oldular. Azərbaycanın xarici ölkələrdən enerji asılılığına son qoyuldu.

Heydər Əliyevin bacarıqlı əməkdaşlıq fəaliyyəti nəticəsində Böyük İpək Yolu bərpa edildi. Beynəlxalq mövqeləri möhkəmlənən, Avropa ilə Asiyanın qovşağında yerləşən və əhəmiyyəti artan Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı.

 

Ulu Öndərin gerçəkləşən arzuları

 

Azərbaycan xalqının qarşısında dayanan ən böyük vəzifə torpaqları düşmən işğalından azad etmək idi. 2003-cü ildə seçicilərin böyük əksəriyyətinin səsi ilə İlham Əliyev prezident seçildi və həmin vaxtdan Azərbaycan dövlətçiliyi və xalqının tarixində yeni mərhələ başladı. Bu, Azərbaycan Respublikasının müasirləşməsi, onun tərkib hissəsi olan modernləşdirilməsi, ərazilərin Ermənistan işğalından qurtarılması uğrunda hazırlıq mərhələsi idi. Həmin məqsədə çatmaqdan ötrü bir sıra tədbirlər həyata keçirildi. Ölkədə iqtisadi yüksəliş baş verdi. Azərbaycan rəqabətədavamlı bir ölkə oldu, borc alan ölkədən borc verən ölkəyə çevrildi. Yeni iş yerləri açıldı. Xalqın həyat şəraiti yaxşılaşdı. Ölkədə müasir texnologiyalar tətbiq edildi. Güclü hərbi-sənaye kompleksi yaradıldı. Ordu dünyanın qabaqcıl ordularının cərgəsində yer aldı. Xalqın özünəinamı artdı və milli ruhu yüksəldi.

Prezident İlham Əliyevin planetar təfəkkürü və yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə millətin və dövlətin tarixində qürurverici bir ilk yaşandı. Dövlət başçısının Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi, dünya problemlərini gündəliyə gətirərək mümkün həlli yollarını göstərməsi diplomatiya tarixinin parlaq səhifələrindən biridir. Azərbaycan enerji, nəqliyyat və informasiya təhlükəsizliyini təmin etdi.

TAP və TANAP-ın həyata keçirilməsi dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmiryolu işə salındı. Bu və digər amillər Azərbaycanı başlıca vəzifələri yerinə yetirməyə yaxınlaşdırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində düşmənin məğlub edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə Heydər Əliyevin arzuları və vəsiyyəti həyata keçirildi. Qələbədən ötən qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə heç bir xarici yardım olmadan başladı. Yeni hava limanları, ağıllı kəndlər tikildi, məcburi köçkünlər dədə-baba torpaqlarına planlı şəkildə köçürülməyə başladılar. İşlər indi də davam etdirilir.

 

İbrət dərsləri

 

Otuz ilin zirvəsindən baxıldıqda 15 iyun tarixindən ibrət alınası bir çox məsələlər vardır. Birincisi, demokratiyanı bərqərar etmək üçün ilk növbədə dövlət olmalıdır. Zəif dövlət hakimiyyəti və anarxiya olan yerdə demokratik cəmiyyət qurmaq, insanın ali hüququ olan yaşamaq hüququnu təmin etmək mümkün deyildir. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir.

İkincisi, xalq dövləti idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən, çətin anlarda qaçıb gizlənən şəxslərə etibar etməməlidir. Hakimiyyətə küçədən gəlmək cəhdlərinə imkan vermək olmaz.

Üçüncüsü, Azərbaycan xalqının inkişafının və qarşısına qoyduğu məqsədlərə çatmasının, tərəqqisinin, rifahının və demokratiyanın təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır.

Dördüncüsü, hakimiyyət ilə xalq arasında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qorunmalıdır.

Beşincisi, fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olduğundan onlar qarşıdurmalara, toqquşmalara gətirilməməli, küçələrdə, meydanlarda zor gücünə həll edilməməli, problemlər masa arxasında çözülməli, ideyaların hansının daha real və çox fayda verəcəyi əsas götürülməlidir.

Azərbaycan xalqı və dövləti mövcud olduqca, dövləti güclü və qüdrətli etmək istəyən, qarşıya çıxan problemləri həll etməyə çalışan rəhbərlər daim Heydər Əliyevin milli dövlətçilik, dövlət milliyyətçiliyi irsinə müraciət edəcəklər. Beləliklə, əbədiyyən Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin güclü milli dövlətçiliyə dair ideya-nəzəri irsi də yaşayacaqdır.

Ötən illərin təcrübəsi göstərdi ki, sabitlik, güclü dövlət hakimiyyəti və qüdrətli dövlət rəhbəri olanda Azərbaycan qarşıya qoyduğu məqsədlərə çatır. Bunu Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbə bir daha sübut etdi. Azərbaycan xalqının gözəl gələcəyi var.

Musa Qasımlı
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor