Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən də layihələr həyata keçirilir.

Milli Qurtuluş Günü ərəfəsində mədəniyyət könüllüləri Ulu öndərin ən çox sevdiyi musiqi nömrələrindən olan “Alagöz” mahnısını ifa edərək klip hazırlayıblar.

Musiqisi görkəmli bəstəkar Cahangir Cahangirova, sözləri şair Zeynal Cabbarzadəyə məxsus olan və vaxtilə Rəşid Behbudovun təkrarsız səsində geniş dinləyici rəğbəti qazanmış mahnıya ictimai birlik üzvləri də yeni nəfəs verməyə çalışıblar.

“Alagöz” Bəbir Bəbirli, İlkin Dövlətov, Ərəstun Quliyev və Qarabağ qazisi Məbud Əhmədov tərəfindən ifa olunub. Onları tarda Əməkdar artist Şəhriyar İmanov müşayiət edib. Layihənin rəhbəri Bəbir Bəbirli, klipin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Beynəlxalq Muğam Mərkəzində aparılıb.

Bu layihəni Ulu öndərin ölməz ruhuna ehtiram əlaməti olaraq təqdim etdiklərini deyən ictimai birliyin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə, mədəniyyət könüllüləri sırasından yeni səs və istedadların tanınması məqsədilə belə layihələr davamlı olacaq.

"Alagöz" mədəniyyət könüllülərinin təqdimatında bu linkdə: https://www.youtube.com/watch?v=e4eoB0kqnQk