Azərbaycan Dillər Universitetində növbəti beynəlxalq elmi konfrans keçirilib


Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli liderin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” VI beynəlxalq elmi konfransı keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla xarici ölkələrin elm və təhsil nümayəndələrinin bu konfransa böyük maraq göstərdiklərini bildirib. Rektor deyib ki, Ulu öndər Azərbaycanın gücünü bu ölkədə yaşayan xalqların birliyində və vəhdətində görürdü. Məhz bu birliyin və vəhdətin nəticəsində II Qarabağ müharibəsində Azərbaycan xalqı dəmir yumruq oldu və cəmi 44 gündə tarixi torpaqlarımız işğaldan azad edildi: “Qalib xalq olmağın məsuliyyəti böyükdür. Biz gərək bunu öz işimizdə, əməlimizdə, auditoriyalarımızda, kafedralarımızda hamıya nümayiş etdirə bilək”.

Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Çeçenistan Dövlət Pedaqoji Universitetinin (RF) rektoru İsmayıl Bayxanov, Minsk Dövlət Linqvistik Universitetinin (Belarus) rektoru Natalya Lapteva, Maynz Universitetindən (Almaniya) professor Hendrik Buşoten, Pakistanın Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal, Ege Universitetindən (Türkiyə) professor Fikret Türkmen, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və başqaları çıxış ediblər.

Daha sonra konfrans bölmə iclasları ilə işini başa vurub.