“İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) çərçivədə Kürdəmir, Xaçmaz və İsmayıllı RMİ-nin tabeliyindəki müəssisələrində bir sıra tədbirlər keçirilib.

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli tam orta məktəb-liseyin şagirdlərinin iştirakı ilə “İnsan hüquq və azadlıqlarının təminatı” mövzusunda tədbir keçirilib. Çıxış edənlər bildiriblər ki, Azərbaycanda insan hüquqları ilə bağlı siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda insan hüquqları sahəsində ilk Dövlət proqramı təsdiq edilib.

İmişli rayon Mədəniyyət Mərkəzində "İnsan və vətəndaş hüququ" adlı tədbir keçirilib. İnsan hüquq və azadlıqları haqqında məlumat verilib. Sonda insan hüquqlarından bəhs edən "Fidan" adlı sənədli film nümayiş olunub.

Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon Dünyamalılar kənd Ə.Rzayev adına 2 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə "İnsan hüquqları nədir? Nəyə görə hər kəs onları bilməlidir?" mövzusunda maarifləndirici tədbir keçirilib. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları olduğu bildirilib. Qeyd olunub ki, bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir.

Füzuli rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət evi və Gənclər evinin birgə təşkilatçılığı ilə "Ümummilli lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir" adlı tədbir keçirilib.

Xocavənd rayon Mədəniyyət evində “İnsan və vətəndaş hüquqları” mövzusunda dəyirmi masa təşkil edilib.

***

“İnsan hüquqları aylığı” çərçivəsində Xaçmaz RMİ-nin tabeliyindəki Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, Quba Tarix-Diyarşünaslıq Muzeyi, rayon MKS-nin Mərkəzi Kitabxanası, Şabran Tarix-Diyarşünaslıq Muzeyi, Siyəzən rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası, Mədəniyyət Mərkəzi və Qusar Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən müxtəlif maarifləndirici tədbirlər keçirilib.

Qeyd olunub ki, insan hüquqlarının təmin olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Diqqətə çatdırılıb ki, aylıq çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.

***

İsmayıllı RMİ İsmayıllı Dövlət Rəsm Qalereyası, rayon Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, MKS, F.Əzimov adına Uşaq incəsənət məktəbi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Hüquqlarımızı qoruyaq!” adlı tədbir keçirilib.

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” adlı tədbir təşkil olunub. Çıxışlarda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən insan hüquqları siyasətinin artıq milli strategiya kimi formalaşmasından, dövlət başçısının təsdiq etdiyi insan hüquqlarına dair “Milli Fəaliyyət Planı və Proqramı” ilə insan hüquqları sahəsində yeni inkişaf mərhələsinin əsasının qoyulmasından bəhs edilib. Sonda mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub.

Ağsu Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən şəhər 3 saylı tam orta məktəbdə “Uşaq hüquqlarını necə qoruyuruq?” mövzusunda açıq dərs təşkil olunub.

Şamaxı Dövlət Rəsm Qalereyasında “İnsan hüquqları” adlı sərgi keçirilib. Bildirilib ki, hər bir insanın mənsub olduğu irqdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir.

Regional idarənin tabeliyində fəaliyyət göstərən digər müəssisələrdə də “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər təşkil edilib.

Nurəddin