18 iyun ölkəmizdə İnsan hüquqları günü kimi qeyd olunur. Prezident Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə hər il 18 iyun tarixinin ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd edilməsinə dair sərəncam imzalanıb. Bu münasibətlə mədəniyyət və bədii təhsil ocaqlarında müxtəlif tədbirlər keçirilir. 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 iyun – Azərbaycanda İnsan hüquqları günü ilə əlaqədar tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov əlamətdar günün tarixi haqqında məlumat verib. Kitabxananın digər əməkdaşlarının da çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi və s. ölkəmizdə bu sahəyə göstərilən diqqətin təzahürüdür.

Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterial və virtual sərgi nümayiş olunub. Materiallarda Azərbaycanda İnsan hüquqları gününün tarixinə nəzər salınıb. Virtual sərgidə insan hüquqları haqqında 20-dən çox kitabın, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

Kitabxanada həmçinin “18 iyun – İnsan hüquqları günü” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Öz hüquqların uğrunda mübarizə apar!” adlı metodiki vəsait nümayiş olunur.

***

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində də İnsan hüquqları günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı, məktəbin Nəzəriyyə şöbəsinin müəllimi Lalə Sinkeviç Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsinin tarixinə nəzər salınıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Bu mövzuda videoslayd nümayiş olunub.