Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə nəşr edilən “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitab-kataloq haqqında məlumat vermişdik.

Nəşr Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, tarixçi və musiqişünas, XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağinin (1833-1918) indiyədək məlum olmayan irsinə – topladığı Azərbaycan silahları kolleksiyasına həsr edilib. 1940-cı ildə alimin oğlu Mirişağa Ağamirzadə (Ağamirov; 1872-1948) tərəfindən Azərbaycan Tarixi Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) təqdim edilən kolleksiya indiyədək araşdırılmamışdı. Tarixçi Səbuhi Əhmədovun tədqiqatları nəticəsində kolleksiyanın tarixi, ona daxil olan silahların tərkibi, növləri və əhəmiyyəti müəyyən edilib.

İyunun 13-də Heydər Əliyev Mərkəzində kitab-kataloqun təqdimatı keçirilib. Müəllif Səbuhi Əhmədov Mir Möhsün Nəvvab Qarabaği və nəşr haqqında məlumat verib. Kitabın Nəvvabın indiyədək məlum olmayan irsinə həsr olunduğu, nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edildiyi diqqətə çatdırılıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı muzeydə Nəvvabın yaradıcılığına aid materialların qorunub saxlanılması, təqdimatı keçirilən kitabın mövzusuna aid olan eksponatlar haqqında danışıb. “Məlumdur ki, Nəvvab Orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı və onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Onlara təkcə silah kimi yanaşmaq, zənnimcə, düzgün olmaz, çünki bu unikal eksponatların üzərində xüsusi incəliklə işlənmiş naxışlar da var. Həmçinin o silahların məhz Azərbaycanda istehsal olunması bizim tariximiz üçün çox vacib bir faktdır”, - deyə akademik qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Mir Möhsün Nəvvab Qarabağinin milli ədəbiyyat tariximizdə rolundan danışıb: “Yazıçı kimi də uğur qazanan Mir Möhsünün əsərləri içərisində “Təzkireyi-Nəvvab” toplusu daha çox maraq doğurur. Qarabağın 100-dək orta əsr şairinin həyatı və yaradıcılığından bəhs edən bu toplu 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub”.

Qeyd edilib ki, bu il Nəvvabın anadan olmasının 190 ili tamam olur. May ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı edilən Yuxarı Gövhər ağa məscidinin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Nəvvab tərəfindən işlənib. Məscidin ərazisində yerləşən mədrəsə binasında isə “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi açılıb. Eyni zamanda Şuşada Heydər Əliyev Fondu tərəfindən Nəvvabın qəbirüstü abidəsi bərpa olunub.

Təqdimatın bədii hissəsində Nəvvabın yaradıcı ruhuna uyğun olaraq XVIII–XIX əsrin musiqiləri ifa olunub. Bununla da təqdimat məkanında Nəvvabın yaşadığı dövrün ab-havası yaradılıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı və solistlər – Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova Nəvvabın qəzəlləri üstündə muğam parçaları ifa ediblər, Əməkdar artist Elnar Qarayev Nəvvabın şeirlərini qiraət edib. “Mirvari” rəqs ansamblının xəncərlərlə rəqsi də maraqla qarşılanıb.