Xəbər verdiyimiz kimi, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Azərxalça” ASC tərəfindən  “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix – xalça kompozisiyası ərsəyə gətirilib.

“Azərxalça” ASC-dən bildirilib ki, iyunun 13-də kompozisiyanın ADA Universitetindəki məzuniyyət günündə təqdimatı olub. Heydər Əliyevin hakimiyyətə qayıdışının 30-cu ildönümü – Milli Qurtuluş Günü (15 iyun) ərəfəsinə təsadüf edən təqdimat zamanı layihə haqqında geniş məlumat verilib. Məzuniyyət günü mərasiminin aparıcıları “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının ərsəyə gəlməsindən söz açıblar.

Xatırladaq ki, layihənin müəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçılar isə qurumun yaradıcı komandasıdır. Triptixin ərsəyə gəlməsində “Azərxalça”nın İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi var.

Üç hissədən ibarət xatirə xalça kompozisiyasında Ümummilli liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, maraqları, önəm verdiyi dəyərlər əksini tapıb.

İlk hissədə (1 rəqəmini əks edən) xalçanın kompozisiyasını tamamlayan, onun sərhədlərini müəyyən edən xalqın birliyini və əzəmətini təcəssüm etdirən rəmzlər haşiyə motividir. Xalça üzərində Heydər Əliyev və xalq birliyi ifadə olunub. Bu hissədə Heydər Əliyevin milli musiqiyə olan sevgisi, təhsil, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, milli mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay, fırça, kino ləvazimatları və s. əksini tapıb.

İkinci xalça Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycan Silahlı Qüvvələri,  “qara qızıl” – Azərbaycan nefti və Ulu öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” kimi mövzuları əhatə edir.

Triptixin sonuncu və Heydər Əliyevin xətti (cizgili) portreti əks olunmuş əsas hissəsi “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən Azərbaycanın parlaq, aydın və işıqlı gələcəyinə baxır. Xalçanın sərhədlərini müəyyən edən, “birlik, qardaşlıq və güc” rəmzi – əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində altıguşəli elementin daxilində Ulu öndərin timsalında “ideal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül gələcək nəsillərə qayğı və dəstək elementi kimi əksini tapıb.

Qeyd edək ki, triptix xalça kompozisiyası bir neçə gün ADA universiteti ərazisində sərgilənib.