Avstriya rəssamı Qustav Klimtin (1862-1918) sonuncu əsəri sayılan “Yelpikli qadın” tablosu Londondakı “Sotheby’s” auksionunda 80 milyon dollar ilkin qiymətlə satışa çıxarılacaq. Bu, “Sotheby’s”in Avropa hərracları tarixində rəsm əsəri üçün qoyulan ən yüksək ilkin qiymətdir.
“Yelpikli qadın” tablosunu rəssam ölümündən bir qədər öncə tamamlayıb. “Sotheby’s Europe”nin rəhbəri Helena Nyuman (Newman) hesab edir ki, bu, Qustav Klimtin yaradıcılığının çiçəklənmə dövründə yaratdığı ən yaxşı əsəridir. Üstəlik, rəssam bu əsəri sifarişlə deyil, özü üçün çəkib. Lakin Qustav Klimtin çoxsaylı qadın portretlərindən fərqli olaraq bu əsərdə təsvir edilən xanımın kimliyini müəyyən etmək mümkün olmayıb.
“Yelpikli qadın” əsəri avstriyalı rəssamın yaradıcılığının xüsusilə tanındığı “qızıl dövrü” mərhələsinə aiddir. Bu əsərlərində o, qızılı rəngə və qızılın dekorativ imkanlarının geniş tətbiqinə yer ayırıb.
Rəsm əsəri vaxtilə Qustav Klimtin himayədarı olan sənayeçi Ervin Bellə məxsus olub. Sonra tablonu kolleksiyaçı Rudolf Leopold alıb, 1994-cü ildə isə 12 milyon dollara indiki sahibinin (adı açıqlanmır) ailəsinə satıb.
V.Kamal