Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Muhittin Macid və din xidmətləri attaşesi İhsan Açıq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı qonaqlara Azərbaycan ədəbiyyatı və mədəniyyətinin müxtəlif inkişaf dövrlərinə aid məlumat verilib, maddi mədəniyyət nümunələri, o cümlədən əlyazmalar, klassik əsərlərə toxunmuş süjetli xalçalar, müxtəlif dövrlərdə yazılmış əsərlərə çəkilmiş tablo və illüstrasiyalar diqqətə çatdırılıb.

Təəssüratlarını muzeyin “rəylər kitabı”nda bölüşən qonaqlar Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərinin faksimilesini muzeyə hədiyyə ediblər. Faksimile Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdindəki Əlyazma əsərləri qurumu tərəfindən hazırlanıb.