Qətərin paytaxtı Dohada “Oxumaqla yüksəlirik” şüarı altında 32-ci Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərgidə ölkəmizin Qətərdəki səfirliyi də ayrıca stendlə iştirak edir.

Səfirlikdən bildirilib ki, stenddə Azərbaycan, ərəb, ingilis dillərində kitablar yer alıb. Onların arasında Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, Azərbaycana rəhbərliyi dövrünü əhatə edən nəşrlər, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən, işğaldan azad edilmiş torpaqlarda erməni vandalizmindən və Azərbaycan həqiqətlərindən bəhs edən kitablar var.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında ərəb dilində nəşr olunmuş kitab və N.Gəncəvinin “Xəmsə”si ziyarətçilərə təqdim olunub.  Stenddə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabı da təqdim olunur. Həmçinin burada Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, yazıçı və şairləri, musiqi və sənətçiləri haqqında ingilis və ərəb dillərində nəşrlər, milli suvenirlər yer alıb.

Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar hədiyyə olunur.

32-ci Beynəlxalq Kitab Sərgisi iyunun 21-dək davam edəcək.