Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının (ÖDXA) rektoru professor Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyasında (BXA) olub.

BXA-nın rəhbərliyi ilə keçirilən görüşdə Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası və BXA arasında gələcək əməkdaşlıq barədə müzakirə aparılıb. Müzakirənin sonunda isə hər iki təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənəddə müəssisələrin mədəniyyət, elm, təhsil, o cümlədən, ictimai təşkilatlar və yaradıcı birliklər vasitəsilə əlaqələrinin genişləndirilməsinə, beynəlxalq əməkdaşlıq vasitəsilə peşə təhsilinin nəzəriyyəsi və təcrübəsinin keyfiyyətinin artırılması əksini tapıb. Eyni zamanda xüsusi fənlər üzrə peşəkar təhsil və təcrübə keçmək üçün razılaşdırılmış sayda tələbələrin mübadiləsi, təhsil müəssisələrində öz xalqlarının tarixi və mədəniyyəti üzrə kursların keçirilməsi təşviq ediləcək. Bu məqsədlə xoreoqrafiya sənəti sahəsində mühazirələr oxumaq, seminarlar keçirmək və digər maarifləndirici tədbirlərin təşkili üçün müvafiq mütəxəssislər dəvət olunacaq.

Bundan əlavə, tərəflər bir-birini keçirdikləri və qarşılıqlı maraq doğuran beynəlxalq konfranslar, seminarlar, forumlar, festivallar, müsabiqələr, eləcə də konsert tədbirləri haqqında müntəzəm məlumatlandıracaqlar.

Qeyd edək ki, Ş.Toxtasimov BXA-nın xoreoqrafiya sənəti ixtisası üzrə 2022/2023-cü tədris ili məzunlarının yekun dövlət imtahanlarına sədrlik etmək üçün dəvət olunub.