Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülcahan Salamova teatr sahəsində səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) tərəfindən təltif olunub.

İyunun 16-da aktrisanın iştirak etdiyi “Beşmanatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının nümayişindən sonra teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova onun səhnə fəaliyyətindən danışıb.

Sonra ATXİ-nin məsul katibi Aida Qafarova qurumun fəxri fərmanınını Gülcahan Salamovaya təqdim edib.

Vaxtilə bu tamaşanın Naznazı olmuş, indi isə Səlbi (Naznazın anası) rolunu oynayan aktrisa ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi tamaşada yubilyar aktrisa ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları iştirak ediblər.