Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Benqt Alforsun "İllüziyaçılar" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası olub. İyunun 16-da nümayiş olunan tamaşa teatrda yeni yaradılmış “ArtStudiya”da hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları Əməkdar artist Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa ediblər.

Birhissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.