İyunun 18-i ölkəmizdə İnsan hüquqları günüdür. Prezident Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə hər il 18 iyun tarixinin ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd edilməsinə dair sərəncam imzalanıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) elan edilib. Bu münasibətlə bölgələrdə də bir sıra tədbirlər keçirilib.

Oğuz rayon MKS-nin Tayıflı kənd kitabxanasında fəal oxucularla birgə "Hüquqlarımız haqqında nə bilirik?" başlıqlı dəyirmi masa təşkil edilib. İnsan hüquqlarının qorunması və demokratik inkişafın ayrılmaz hissəsi olmasından, bütün insanların hüquqi bərabərliyindən söz açılıb.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda dəyirmi masa keçilirib. Çıxış edənlər narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.

Ağdam rayon Gülablı kənd Uşaq musiqi məktəbində keçirilən tədbirdə qeyd olunub ki, müstəqillik illəri ərzində gənclərin dövlət idarəçiliyində iştirakı, insanların seçmək və seçilmək hüququnun təmin olunması, eyni zamanda sağlamlıq və tibbi yardım almaq istiqamətində həyata keçirilən tədbirlər böyük önəmə malikdir.

***

Göyçay rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması dövlətin ali məqsədidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxış edənlər insan hüquqlarının təbliğindən, eləcə də əhalinin müxtəlif qruplarının ailədə, məktəbdə hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynamasından və s. bəhs ediblər.

***

Salyan Tarix-Diyarşünaslıq Muzeyi "İnsan hüquqları: bərabərlik, hörmət, ədalət" mövzusunda S.Cəbrayılov adına Salyan Peşə liseyində açıq dərs keçirib.

***

Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbirdə “İnsan hüquqları” adlı videoçarx nümayiş olunub. Tədbirin sonunda iştirakçılar “Hüquqlarımızı öyrənək” başlığı altında təşkil edilmiş kitab sərgisi ilə tanış olublar.

Yevlax şəhər Mərkəzi Elektron Kitabxanasında “Hüquq və insan haqları” adlı tədbir keçirilib. İlk olaraq insan hüquqlarına həsr olunmuş kitab sərgisinə baxış olub. Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə qəbul edilən normativ-hüquqi aktlar barədə məlumat verilib, əhali arasında maarifləndirmə tədbirlərinin önəmi vurğulanıb.

***

Gəncə şəhər MKS-nin 20 saylı kitabxana filialında "Sənin hüquq və vəzifələrin" başlığı altında tədbir təşkil olunub. Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş işlərdən söhbət açılıb.

***

Gədəbəy Rayon İcra Hakimiyyəti, Ombudsmanın Qərb Regional Mərkəzi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda tədbir keçirilib. Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu öndərin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Heydər Əliyevin həyat yolundan və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, mövzu ilə bağlı çıxışlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

Hazırladı: N.Məmmədli