Azərbaycan yenidən “Muğam aləmi” festivalına ev sahibliyi edir

 

Xəbər verdiyimiz kimi, 18-25 iyun tarixlərində ölkəmizdə “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə gerçəkləşir.

“Muğam aləmi” festivalının əsası 2009-cu ildə qoyulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın himayəsi altında gerçəkləşən layihə ötən müddətdə dünya musiqi festivalları xəritəsində özünə məxsusi yer qazanıb.

2015-ci ilədək festival iki ildən bir təşkil olunub, daha sonra layihənin üç ildən bir həyata keçirilməsi qərara alınıb. Bundan öncəki, sayca 5-ci festival 2018-ci ilin martında təşkil edilmişdi. 2021-ci ilə nəzərdə tutulan növbəti festival pandemiya səbəbindən baş tutmadı. Müxtəlif ölkələrdən ifaçıları, musiqi qruplarını, eləcə də sənətşünas alimləri bir araya gətirən festivallar çərçivəsində silsilə konsertlərlə bərabər, beynəlxalq müsabiqə və elmi simpoziumlar da təşkil olunub. Bu müsabiqələrdə bir çox ölkə və regionlardan gənc ifaçılar arasından xüsusi istedadı olanlar üzə çıxarılıb və onların sırasından bəzi mükafatçı və iştirakçılar dünya səhnələrində artıq parlayıblar.

Nəhayət, müəyyən fasilədən sonra Azərbaycan paytaxtı yenidən “Muğam aləmi” festivalına ev sahibliyi edir. Üstəlik, bu dəfə festival konsertləri Bakı ilə yanaşı, mədəniyyətimizin paytaxtı Şuşa şəhərində, eləcə də Ağcabədidə, ilk muğam operasını yaratmaqla bu ecazkar sənətin dünyaya tanıdılmasında müstəsna rolu olan dahi Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzində keçirilir.

Festivalın açılış konserti isə iyunun 18-də Bakıda Heydər Əliyev Sarayında oldu. “Alim Qasımov və onun qonaqları” adlı konsert tamaşaçılara, muğamsevərlərə yüksək sənət zövqü yaşatdı.

 

“Alim Qasımov və onun qonaqları”

 

Konsertdən əvvəl müsahibə verən Xalq artisti Alim Qasımov festivalın əhəmiyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Ustad xanəndə bildirib ki, son illərdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunması və təbliği istiqamətində mühüm layihələr reallaşdırılıb: “Bu gün dünyanın çox yerində muğamlarımıza böyük maraq var. Xüsusilə ölkəmizdə keçirilən muğam festivalları, televiziya muğam müsabiqələri bu nadir sənət növünün həm yaşadılması, həm də gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu sırada “Muğam aləmi” festivalının da xüsusi yeri var. Bu festival 2009-cu ildən Bakıda keçirilir. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərinin eyni səhnədə çıxış etməsi və ortaq musiqi dəyərlərinin paylaşılması baxımından olduqca təqdirəlayiqdir. Bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm”.

Konsertdə muğam ifaçılığını müasir musiqi cərəyanları ilə sintez edərək dünya şöhrəti qazanan xanəndə, Xalq artisti Alim Qasımovla birgə səhnəyə Əməkdar artist Fərqanə Qasımova, əfqan rübabı və hind sarodunun məşhur ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış etdilər.

 

***

 

Festivalın birinci günü daha bir musiqi axşamı Azərbaycan Milli Konservatoriyasında keçirilib. Xalq artisti, virtuoz qarmon və akkordeon ifaçısı Ənvər Sadıqov və Əməkdar artist, pianoçu, məşhur cazmen Emil Əfrasiyabın iştirak ilə gerçəklən konsertdə muğam ladları və müasir musiqinin sintezində instrumental kompozisiyalar səslənib.

Festivalın ikinci günü Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində daha üç konsert proqramı ilə davam edib. İyunun 19-da, həmçinin festival çərçivəsində beynəlxalq müsabiqə başlanıb.