19 iyun – 1 iyul tarixlərində Moskvada və Sankt-Peterburqda P.İ.Çaykovski adına XVII Beynəlxalq müsabiqə keçirilir.

Dörd ildən bir təşkil olunan klassik musiqi üzrə ən nüfuzlu ifaçılıq müsabiqəsinin əsası 1958-ci ildə qoyulub. Bundan öncəki müsabiqə 2019-cu ilin iyununda keçirilmişdi.

İki həftə ərzində müxtəlif ölkələrdən iştirakçılar fortepiano, skripka, violonçel, vokal, nəfəs alətləri (ağac və mis alətlər üzrə ayrı-ayrılıqda) ifaçılığı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Vokal nominasiyası üzrə iştirakçılar arasında azərbaycanlı tenor, hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan Həmid Abdulov da var.

O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.

Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov isə P.İ.Çaykovski adına XVII Beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb. Müsabiqənin münsiflər heyətinə 18 ölkədən görkəmli musiqiçi və müəllimlər daxildir. Elçin Əzizov solo oxuma ixtisası üzrə münsiflər heyəti qrupuna daxil olub.

P.İ.Çaykovski adına XVII Beynəlxalq müsabiqənin təntənəli açılış mərasimi Moskva Konservatoriyasının Böyük zalında olub.

Müsabiqənin saytında yer alan məlumata görə, ən çox iştirakçı sayı – 65 nəfər – vokal ifaçılığı üzrə qeydə alınıb. Fortepiano, skripka, violonçel ifaçılığı üzrə yarışmanın hər birində 25, nəfəs alətləri üzrə iki istiqamətin hər biri üzrə 48 iştirakçı var.