İyunun 19-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin Ev-Muzeyində “Ümummilli liderin yaratdığı Mirzə Cəlil ocağı – 25” adlı tədbir keçirilib.

Naxçıvan MR mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi böyük yazıçı, dramaturq, mətbuat fədaisi Cəlil Məmmədquluzadənin (1869-1932) ədəbiyyatımızın yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını bildirib.

Qeyd olunub ki, böyük demokratın azərbaycançılığa, milli birliyə səsləyən əsərləri xalqımızın dəyərli mənəvi sərvətidir. Yaradılmasının 25 illik yubileyi qeyd edilən Cəlil Məmmədquluzadənin Ev-Muzeyi də məhz bu sərvətin qorunması, yaşadılmasına xidmət etməklə yanaşı, ədibin yaradıcılığına verilən qiymətin, göstərilən dəyərin təzahürüdür. Bu muzeyin yaradılmasına Ümummilli lider Heydər Əliyevin 19 iyun 1998-ci il tarixli sərəncamı ilə başlanılıb, bir il sonra dahi liderin şəxsən iştirakı ilə açılışı olub. 

Ölkəmizdə muzey işinin inkişafı sahəsində Ümummilli liderin müstəsna xidmətlərindən danışan nazir müavini deyib ki, Heydər Əliyev C.Məmmədquluzadənin vətəndaşlıq cəsarətini, ana dilimizin saflığı uğrunda apardığı mübarizəni yüksək dəyərləndirib, ədibin irsinin tədqiq olunmasına, xatirəsinin əbədiləşdirilməsinə diqqət göstərib.

Çıxışının sonunda nazir müavini böyük ədibin irsinin layiqli şəkildə qorunduğu muzeyin kollektivini əlamətdar gün münasibətilə təbrik edib, ənənəni davam etdirərək əsərlərini muzeyə bağışlayan Naxçıvan MR-in Əməkdar rəssamı Sabir Məmmədova və atası mərhum rəssam Qədirullah Bağırovun əsərini hədiyyə etdiyi üçün qızı Ülviyyə Məmmədovaya təşəkkürünü bildirib. 

NMR Yazıçılar Birliyinin sədri Əməkdar mədəniyyət işçisi Asim Əliyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov çıxış ediblər. Qeyd olunub ki, Mirzə Cəlil müasirimiz kimi bizə Vətəni bütöv, böyük görməyi, 50 milyonluq xalqın birliyini və bütövlüyünü yaratmağı təlqin edir.

Tədbir C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı aktyorlarının ifasında yazıçının əsərlərinin bədii qiraəti və muzey ekspozisiyasına baxışla yekunlaşıb.