İşğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışın üçüncü ünvanı (Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərindən sonra) Laçın şəhəridir. Xəbər verdiyimiz kimi, laçınlar oylağı yurd yerimizə sakinlərin ilk qrupu mayın 28-də qayıtmış və bu tarixi gündə Prezident İlham Əliyev laçınlılarla onların doğma məkanında görüşmüşdü. Bu sevinci iyunun 14-də laçınlıların daha bir qrupu yaşayıb.

İyunun 19-da isə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan daha 13 ailə Laçın şəhərinə çatıb. Laçına qədəm qoyan ailələr şəhərin girişində Həkəri çayı körpüsündə qarşılanıblar. Onlar sevinc göz yaşları ilə Laçının havasını udub, qarşıdakı firavan günlərinin xəyallarını qurublar.

Üçüncü köçlə birlikdə Laçın şəhərində 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib. Ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.