Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində teatrların qastrol səfərləri davam edir.

Qastrol proqramına əsasən, Azərbaycan Dövlət Kukla Teatrının kollektivi iyunun 21-də Şabran və Quba rayonlarında olacaq. Yaradıcı heyət hər iki rayonun mədəniyyət mərkəzində “Gözəl və Bədheybət” tamaşasını təqdim edəcək.

Fransız yazıçı Madam Leprens De Bomonun məşhur əsəri əsasında hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.

Tamaşada rolları teatrın aparıcı aktyorları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Rəhim Rəhimov, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov, Ülviyyə Əliyeva və Könül Nəsibova ifa edirlər.

Musiqi və xoreoqrafik elementlərlə zəngin birhissəli səhnə əsərində bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşması nümayiş etdirilir.