Mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkilatın baş katibi Sultan Raev ilə görüşüb.

TÜRKSOY-un əlamətdar yubileyi münasibətilə baş katibə təbriklərini çatdıran nazir türk xalqlarının ədəbi-mədəni zənginliklərinin təbliğində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.

Ölkəmizlə TÜRKSOY arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən Adil Kərimli Azərbaycanın qədim Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Şuşada “paytaxt ili”nin açılış mərasimində şəxsən iştirakına görə Sultan Raevə təşəkkürünü ifadə edib.

Baş katib Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi davamlı dəstəyin əhəmiyyətini vurğulayıb, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin  Azərbaycanın bu qədim şəhərinin tarixi-mədəni mirasının daha geniş miqyasda təbliği baxımından böyük fürsət olduğunu bildirib.

Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr barədə də müzakirə aparılıb.