TÜRKSOY-un 30 illiyi münasibətilə Özbəkistanda keçirilən tədbirlərdə iştirak məqsədilə bu ölkədə səfərdə olan mədəniyyət naziri Adil Kərimli Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini (AMM) ziyarət edib.

Nazir əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış büstü önünə tər gül dəstələri qoyub, AMM-in həyətində yaradılmış “Şəhidlər” abidə-kompleksini ziyarət edib. Adil Kərimli AMM-in qarşısında Heydər Əliyev küçəsində qoyulmuş Ulu öndərin xatirə lövhəsi ilə də tanış olub.

Sonra AMM-də Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış Azərbaycan-Özbəkistan dostluq muzeyi ziyarət olunub. Burada qardaş xalqların ortaq tarixi köklərini, milli-mənəvi, mədəni dəyərlərini əks etdirən eksponatlar, Özbəkistanda dövlətçilik, eləcə də ədəbiyyat və mədəniyyət sahələrində xüsusi xidmətləri olan azərbaycanlılara aid guşə də yaradılıb.

Mərkəzdəki kitabxana ilə tanış olan nazirə rəqs və rəsm dərnəkləri, Azərbaycan dili kursu barədə də məlumat verilib. Adil Kərimli mədəniyyətimizi təbliğ edən dərnəklərin və dilimizin öyrədilməsində xüsusi rolu olan kursun fəaliyyətini təqdirəlayiq hesab edib.

“Azərbaycan xalçaları zalı”na baxış zamanı nazir xalq sənətkarlıq ənənələrinin təbliği ilə bağlı tövsiyələrini verib.

Mərkəzin foyesində Ümummilli liderə həsr olunmuş fotosərgiyə, AMM-in layihələri ilə çap edilmiş kitablara, Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı nəşrlərdən ibarət sərgiyə baxış keçirilib. AMM-in Azərbaycana dair özbək dilində kitab nəşri ilə bağlı gördüyü işlər təqdir edilib və bu sahədə fəaliyyəti genişləndirmək tövsiyə olunub.

Mərkəzdə yaradılmış Azərbaycan dövlətçilik tarixi ilə bağlı guşə, Heydər Əliyev muzeyi ilə də tanışlıq olub. Burada müxtəlif tədbirlərin keçirildiyi bildirilib. Nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda AMM-in kollektivi ilə görüşən nazir mərkəzin işinə uğurlar arzulayıb.