Mədəniyyət naziri Adil Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 19-da Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində olub, burada yaradılan Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzini ziyarət edib. 

Mərkəz 2019-cu ildə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında yaradılıb. AMM tərəfindən mərkəzə Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə nəşrlər, əyani vasitələr təqdim  edilib. Burada Azərbaycanla bağlı kiçik kitabxana, həmçinin milli mədəniyyətimizə dair guşələr yaradılıb.

Mərkəzin rəhbəri dosent Gülbahar Aşurova Azərbaycan ədəbiyyatının təbliği, həyata keçirilən layihələr və AMM ilə birgə fəaliyyətləri barədə məlumat verib. Qeyd olunub ki, mərkəz universitetdə Azərbaycan ədəbiyyatına dair aparılan tədqiqatlara da dəstək verir, həmçinin Azərbaycan ədəbiyyatından tərcümə işlərində fəal iştirak edir.

Adil Kərimli Heydər Əliyev adına AMM-in layihəsi ilə Özbəkistanın müxtəlif təhsil və mədəniyyət müəssisələrində ölkəmizlə bağlı belə mərkəzlərin yaradılması ideyasının təqdirəlayiq olduğunu bildirib.

Nazir daha sonra Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə tanış olub.