Respublika Gənclər Kitabxanası Yazıçılar Birliyi ilə əməkdaşlıq edəcək

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əməkdaşlıq edəcək. 

Bununla bağlı AYB-də görüş keçirilib. Görüşdə AYB-nin sədri Xalq yazıçısı Anar, Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, AYB-nin sədr müavini  Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin və “Ulduz” jurnalının baş redaktorları, kitabxananın əməkdaşları iştirak ediblər.

Görüşdə AYB-nin nəşrləri olan “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalının 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövri mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın saytında mühafizə olunmasının əhəmiyyəti vurğulanıb. Bu vasitə ilə hər iki nəşrdə dərc olunan materialların internet istifadəçiləri üçün əlçatan olacağı qeyd edilib.

Görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövri mətbuat nəşrləri bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.

Görüşdə Respublika Gənclər Kitabxanasının fəaliyyəti, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası tərtib etdikləri diqqətə çatdırılıb.