Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində (MAA) görkəmli alim, ictimai və dövlət xadimi, professor Tofiq İsmayılovun (1933-1991) 90 illik yubileyi qeyd olunub.

MAA-nın baş direktoru professor Natiq Cavadov tədbiri açıq elan etdikdən sonra agentliyin baş direktorunun birinci müavini professor Tofiq Süleymanov “Azərbaycanın kosmos salnaməsində Tofiq İsmayılovun xidmətləri daima yaşayacaq” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, T.İsmayılovun elmi rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova bildirib ki, T.İsmayılov qısa ömründə böyük işlərə imza atıb. Elm sahəsində uğurlarına 1978-ci ildə Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülüb. T.İsmayılova həsr olunan “Əlvida söyləmədən...” kitabının müəllifi, yazıçı, şair Sevinc Ağa Xəlilqızı kitab haqqında məlumat verib. Bildirib ki, kitabda Qarabağ hadisələrinə işıq salınır. Nəşrdə həmçinin Qarakənd faciəsi haqqında sənədli povest də yer alıb.

Qeyd edək ki, ermənilərin 1991-ci ilin 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndi səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotunu raketlə vurması nəticəsində vertolyotda olan 22 nəfərin hamısı, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev və başqaları həlak olmuşdu.

Daha sonra MAA-nın Geofiziki proseslərin kosmik monitorinqi şöbəsinin rəisi texnika üzrə fəlsəfə doktoru Rafiq Ağamalıyev, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, agentliyin Süni intellekt sistemləri şöbəsinin rəisi texnika üzrə fəlsəfə doktoru, şair-qəzəlxan Əli Əmirovun (Ələmi) çıxışları dinlənilib. Şagirdlər Həmid Tağıyev və Murad Əhmədzadə vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər söyləyiblər. Onlara agentliyin təşəkkürnaməsi təqdim edilib.

Sonda tədbir iştirakçıları MAA-nın nəzdində fəaliyyət göstərən Tofiq İsmayılov adına muzeylə tanış olublar.