Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) gənc kinorejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsinə maliyyə dəstəyi verib.

AKİ-dən verilən məlumata görə, animasiya sənədli filmi 20 Yanvar mövzusuna həsr olunub. Bu mövzunun orijinal ekran həlli kinomuz üçün vacibdir, bu səbəbdən layihəyə dəstək verilib.

Ekran əsəri 1990-cı il 20 Yanvar hadisələrində Xəzər dənizindəki gəmi kapitanlarının  şücaətindən bəhs edir. Film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq Film Festivalı çərçivəsində “CEDOC co-production” marketdə iştirak edib. Layihə xarici prodüserlərə əməkdaşlıq məqsədilə təqdim edilib.

Türkan Hüseyn Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin yetirməsidir, onun “Papanin” sənədli və “Sonuncu foto” qısametrajlı bədii filmləri Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalının qalibi olub.