Ölkəmiz III Avropa Oyunlarında təmsil olunur

 

İyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Avropa Oyunlarında Azərbaycan da iştirak edir.

“Henik Reyman” stadionunda təşkil olunan mərasimin bədii hissəsi xoreoqrafiyası ilə göz oxşayıb. Musiqi və rəqslərin sintezindən qurulmuş proqramda polşalı müğənnilər Trbos və Roksi Vengel, Ukraynanın “Kaluş” hip-hop qrupu (Avroviziya – 2022-nin qalibi) da iştirak edib. Həmçinin Kşiştof Çuqovski, Qoleç və Orkestr, Zakopover, Darya je Şląsk, Kamil Bednarek, Munyek və Prjyaasiele də açılış mərasiminin ulduz qonaqları sırasında yer alıblar.

Açılış mərasimində iştirakçı ölkələrin idmançılarının paradı da olub. Azərbaycan bayrağını qılıncoynadan Barat Quliyev və oxatan Yaylagül Ramazanova daşıyıblar. Qeyd edək ki, Azərbaycan idmançıları üçüncü Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Parada yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı iştirak edir. Onlar 29 növ üzrə 253 dəst medal uğrunda yarışacaqlar. Azərbaycan Krakov-2023-də 14 növ üzrə 101 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunlarına 2015-ci ildə Bakı ev sahibliyi edib. İkinci Avropa Oyunları 2019-cu ildə Minskdə (Belarus) keçirilib. Azərbaycan millisi bu yarışlarda ümumilikdə 84 medal (26 qızıl, 25 gümüş, 33 bürünc) qazanıb. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu olub.