Macəra uğuruna ölməyə dəyərmi?

 

İyunun 18-də Atlantik okeanında itmiş “Titan” batiskafının axtarışları dörd gün ərzində nəticə verməyib. İçərisində beş nəfər olan sualtı aparat okeanın dibinə, təxminən 3,8 min metr dərinlikdə “Titanik” gəmisinin qalıqlarının olduğu yerə enməli idi. Lakin batiskaf suya enəndən 1 saat 45 dəqiqə sonra radarlardan itib.

“Titanik”i görməyə gedənlərin britaniyalı milyarder, dünyanın ən varlı macəra turisti kimi ad çıxarmış Hemiş Hardinq, dənizaltı tədqiqatlar üzrə fransalı mütəxəssis Pol-Anri Narjole, “Titanik”in qalıqlarına ekstremal ekskursiyalar təşkil edən “OceanGate Expeditions” (ABŞ) şirkətinin qurucusu Stokton Raş və Pakistanın ən zəngin adamlarından sayılan Şəhzad Davud ilə oğlu Süleymanın olduğu bildirilir. Məlumatlara görə, pakistanlı ata-oğulu bu “cəhənnəm səfəri”nə dostları Hemiş Hardinq sövq edib.

Batiskafla radar əlaqəsi kəsiləndən sonra ABŞ və Kanadanın hərbi və mülki vasitələri ilə yanaşı, sualtı robotu olan Fransa gəmisi də axtarış zonasına yollanıb. Əraziyə sualtını  izləməyə bacaran xüsusi radarlı təyyarə də göndərilib. Hidrolokatorlar ilk gün sualtı səslər qeydə alsa da, batiskafla əlaqə yaratmaq mümkün olmayıb. Onun dəqiq yeri, ekspedisiyanın başına nə gəldiyi məlum deyil.

ABŞ Sahil Mühafizəsi Xidməti iyunun 22-də axtarışların hələlik nəticəsiz qaldığını bildirib. Qeyd edilir ki, batiskafda 96 sutkaya yetəcək qədər oksigen ehtiyatı olub.  Mütəxəssislər ehtimal edirlər ki, əgər batiskaf fəaliyyət göstərirsə, beş nəfər üçün oksigen 22 iyun saat 14 üçün (yerli vaxtla) tükənməli idi.

Əslində, belə fors-major hallar üçün batiskafların bir sıra təhlükəsizlik sistemləri var. O cümlədən batiskaf ballastı atıb suyun üzərinə çıxa bilər. Ehtimallara görə, sualtı aparat ya “Titanik”in metal konstruksiyalarına ilişib qalıb, ya da – ən pis ehtimal – heç ora gedib çatmadan batiskafda partlayış baş verib.

Qeyd edək ki, “Titanik” gəmisinin Atlantik okeanı dibində yeri uzun axtarışlardan sonra 1985-ci ildə (Robert Ballardın ekspedisiyası) müəyyən olunub və o vaxtdan bəri bir neçə tədqiqat xarakterli ekspedisiya həyata keçirilib. O cümlədən amerikalı rejissor Ceyms Kameron məşhur “Titanik” filmini (1997) çəkməzdən öncə mütəxəssislər qrupu ilə okeanın dibinə enərək sualtı çəkilişlər aparmışdı.

“Siz dünyada ən amansız bir yerə gedirsiniz. Oradan sizi qurtarmaq üçün heç bir xilasetmə xidmətinə zəng etmək imkanı yoxdur”, – deyə rejissor bu ekspedisiyanın nə dərəcədə riskli olduğunu bildirmişdi. Bununla belə, bu riski gözə alanlar var, özü də böyük məbləğdə pul ödəməklə. “OceanGate” iki il öncə “Titanik”ə “turistik” ekspedisiyalara başlayanda adambaşına qiymət 125 min dollar idi, indi 250 min dollar təşkil edir.

Yeri gəlmişkən, “Titan” batiskafında olan 58 yaşlı Hemiş Hardinq bundan öncə Ceff Bezosun “Blue Origin” kompaniyası ilə kosmosa uçmuş və dünya okeanının ən dərin yeri olan Marian çökəkliyinə (Sakit okean, 11 min metr dərinlik) enmişdi. Atlantik okeanında 3,8 min metr dərinlikdə olan “Titanik”i görmək onun növbəti ekstremal macərası olmalı idi.

Xatırladaq ki, dövrünün ən böyük gəmisi olan “Titanik” ilk və son reysinə (Sautgempton (İngiltərə) – Nyu-York) 1912-ci il aprelin 10-da çıxmışdı. Mənzil başına 17 apreldə çatmalı idi. Aprelin 15-nə keçən gecə gəmi Atlantik okeanının şimalında nəhəng aysberqlə toqquşaraq batıb. Gəmidə (rəsmi qeydiyyata görə) 2200 nəfər vardı. Onlardan 1500 nəfəri xilas etmək mümkün olmadı.

"Titanik"in qalıqları Atlantik okeanının şimalında, Kanadanın Nyufaundlend adasından təxminən 700 kilometr məsafədədir.

V.Kamal