Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – 100 və Azərbaycan mədəniyyəti” adlı sərginin açılışı olub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, Ulu öndərin mədəniyyət, incəsənət, teatr xadimləri ilə tarixi görüşlərini özündə əks etdirən fotolardan ibarət sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgi iyulun 1-dək ziyarət üçün açıq olacaq.

***

Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbində hesabat konserti keçirilib. “Xarı bülbül” xoru, “Saməyi-şəms” xalq çalğı alətləri ansamblı, fortepiano, skripka, xanəndə və vokal sinfinin şagirdləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Sonda tədris ilində öz fəallığı ilə seçilən müəllim və şagirdlər təşəkkürnamə ilə təltif edilib.

***

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən “Heydər Əliyev xatirələrdə” layihəsi davam edir. Layihənin növbəti qonağı sabiq deputat Səmayə Piriyeva olub. Səmayə Piriyeva Ulu öndərlə görüşlərindən və onunla bağlı xoş xatirələrindən söhbət açıb. O, Heydər Əliyevlə birlikdə çəkilmiş şəkillərini mərkəzin fonduna hədiyyə edib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbi tərəfindən Şəmkir rayon Heydər Əliyev Mərkəzində Ümummilli liderin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib. Respublika və beynəlxalq müsabiqələr laureatı olmuş şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Sonda təcrübə mübadiləsinin aparılması məqsədilə Şəmkir şəhər Uşaq musiqi məktəbində görüş gerçəkləşib.

Gədəbəy rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” mövzusunda seminar keçirilib. DİA-nın rektoru akademik Urxan Ələkbərov seminarda Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi yeniliklərdən danışıb, Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

***

Qax rayon Heydər Əliyev Mərkəzində də eyni adlı sərgi açılıb. İyulun 20-dək davam edəcək sərgidə Heydər Əliyevin mədəniyyət adamlarına diqqət və qayğısını göstərən fotolar nümayiş olunur.

Nurəddin