Xəzər sahili boyu arxeoloji tədqiqatlar da aparılacaq

 

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ və Şərqi Zəngəzur arxeoloji ekspedisiyasının yaradılması haqqında qərar qəbul olunub.

Bu barədə məsələ AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunub. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, hazırda Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm bir hissəsini Qarabağın və Şərqi Zəngəzurun qədim və zəngin mədəniyyətinin öyrənilməsi təşkil edir. Bu məqsədlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ və Şərqi Zəngəzur ekspedisiyası təşkil edilib. Arxeoloji qazıntıların və tədqiqatların ardıcıl və sistemli şəkildə təşkil edilməsi üçün sözügedən ekspedisiyanın institutda daimi fəaliyyət göstərməsi zərurəti yaranıb.

İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması barədə də qərar qəbul edilib. Qeyd olunub ki, Azərbaycanda sualtı arxeoloji tədqiqatlar sonuncu dəfə 1968-1986-cı illərdə həyata keçirilib, bu müddət ərzində Xəzər sahillərində və adalarda 4000-dən artıq maddi-mədəniyyət qalığı aşkarlanıb. Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə əlaqədar dənizdə və sahilboyu ərazilərdə sualtı arxeoloji istiqamətdə tədqiqatların aparılması üçün yenidən əlverişli şərait yaranıb.