Qarşılıqlı mədəniyyət günlərinin mühüm rolu qeyd edilib

 

Mərakeş Krallığında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib.

Görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər iki ölkənin zəngin mədəni irsinin, incəsənətinin tanıdılması baxımından mühüm rolu qeyd olunub, mədəniyyət təsisatları arasında təmasların daha da intensivləşdirilməsinin zəruriliyi ifadə edilib. Bu xüsusda əlaqələrin daha da inkişaf etdirilə biləcəyi vurğulanıb. Eyni zamanda müvafiq müqavilə bazasının təkmilləşdirilməsinin önəmi qeyd olunub. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında, müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib.

Görüşün sonunda qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verdiyi vurğulanıb və Azərbaycan mədəniyyət nazirinin Mərakeşə səfərinin bu məqsədə xidmət edəcəyinə əminlik ifadə edilib. Öz növbəsində, Adil Kərimli mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.