21-23 iyun tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə geniş uşaq auditoriyasını əhatə edən “Göydən üç alma düşdü” adlı nağıl günləri keçirilir.

Xətai rayonu Heydər Əliyev parkında təşkil olunan tədbirin açılışında Dövlət Komitəsinin sədri Bahar Muradova, digər rəsmilər, komitənin dəvəti və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə ölkəmizə gələn Bursa Böyükşəhər Bələdiyyəsinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin bədii kollektivinin çıxışı dinlənilib.

Sonra türkiyəli musiqiçilər Taner Baba və Tahir Aynenin müşayiəti ilə nağılçılar Hilal Koçyiğit və Ertuğrul Bozkurt tərəfindən səsləndirilən nağıllar, həmçinin azərbaycanlı yazar Solmaz Amanova tərəfindən danışılan hekayələrlə azyaşlılar nağıl dünyasına səyahət ediblər.

Layihənin məqsədi uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.