Salim bin Məhəmməd əl-Malik: “Bu əməkdaşlıq bir çox ölkələr üçün uğurlu model ola bilər”

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktorunun dəvəti ilə 20-22 iyun tarixlərində Mərakeş Krallığının Rabat şəhərində səfərdə olub.

Səfər çərçivəsində iyunun 21-də nümayəndə heyəti ilə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında görüş keçirilib. Təşkilatın qərargahında keçirilən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov da iştirak edib.

Faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən baş direktor ölkəmizlə ICESCO arasında əlaqələrin uğurlu inkişaf etməsində Prezident İlham Əliyevin müstəsna rolunu yüksək qiymətləndirdiyini məmnunluqla ifadə edib.

Salim bin Məhəmməd əl-Malik bu əməkdaşlığın bir çox ölkələr üçün uğurlu model ola biləcəyini vurğulayıb, təşkilatın gələcək üçün nəzərdə tutulan əsas strateji istiqamətləri, hazırda həyata keçirilən təşəbbüslər, proqramlar və layihələr barədə məlumat verib. O, innovasiya, təhsil sistemlərinin inkişaf etdirilməsinin, həmçinin birgəyaşayış və sivil dialoq dəyərlərinin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.

Mədəniyyət naziri Adil Kərimli ICESCO-nun Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində strateji tərəfdaşı olduğunu, iki tərəf arasında əlaqələrə Prezident İlham Əliyev və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən böyük dəstək göstərildiyini qeyd edib. Bakıda keçirilən ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumunda ICESCO-nun əsas tərəfdaş olduğunu deyən nazir 2024-cü ilin may ayına planlaşdırılan növbəti Forum çərçivəsində də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən Bakıda ICESCO-nun Regional Ofisinin açılması, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, ICESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ölkəmizin mədəniyyət nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra mədəniyyət naziri Adil Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti ICESCO-nun baş qərargahındakı “Peyğəmbərin Yolu” muzeyi ilə tanış olub. 2022-ci ildə yaradılan muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatı, eləcə də yaşadığı Məkkə və Mədinə şəhərləri ilə bağlı dəyərli eksponatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir.

***

Qeyd edək ki, ölkəmizlə ICESCO arasında 30 ildən artıq dövrü əhatə edən əməkdaşlıq mövcuddur. Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təsisat İslam Əməkdaşlıq Təşkilatı (dekabr 1991) olub və ölkəmiz bu təşkilatın nəzdində yaradılan (1982) İCESCO ilə də sıx əlaqələr qurub. ICESCO Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğal zamanı ölkəmizin mədəni irsinə qarşı törədilən vandalizmlə bağlı daima prinsipial mövqe nümayiş etdirərək bu əməlləri kəskin şəkildə pisləyib.

Təşkilat 2020-ci ilin Vətən müharibəsi dövründə də Azərbaycanın haqq işini dəstəkləyib və İCESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik tarixi Zəfərlə bağlı Prezident İlham Əliyevə göndərdiyi təbrikdə bunu bir daha vurğulayıb. Vətən müharibəsindən qısa müddət sonra, 2021-ci ilin yanvarında Azərbaycan Prezidentinin dəvətinə əsasən baş direktorun rəhbərliyi ilə ICESCO nümayəndə heyətinin ölkəmizə gəlməsi və azad olunmuş ərazilərə ilk beynəlxalq missiya olaraq səfər etməsi də təşkilatla sıx tərəfdaşlığın göstəricisidir.

Azərbaycan-ICESCO münasibətlərinin yüksək səviyyədə olması təşkilat tərəfindən 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsində də özünü göstərib. 2024-cü ildə isə bu missiyanı Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin daşıyacağı gözlənilir. Ölkəmiz tərəfindən bununla bağlı nominasiya sənədi 2022-ci ildə təşkilata təqdim edilib.

ICESCO Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən elan edilmiş mədəniyyətlərarası dialoq naminə “Bakı Prosesi”ndə fəal tərəfdaş kimi iştirak edir. 2015-ci ilin noyabrında ICESCO Baş Konfransının 12-ci sessiyası və təşkilatın İcraiyyə Şurasının 36-cı iclası Azərbaycan Prezidentinin himayəsi ilə Bakıda keçirilib.

2019-cu ildə Azərbaycandan İçərişəhər, Şəkinin tarixi mərkəzi və Qobustan qoruğu ICESCO nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) tərtib etdiyi İslam Dünyası İrsi Siyahısına daxil edilib.

Azərbaycanda ICESCO-nun Regional Ofisinin yaradılması bu münasibətlərin daha da güclənməsinə təkan verəcək. Qeyd edək ki, bununla bağlı saziş 2022-ci ilin mayında Bakıda imzalanıb, həmin ilin oktyabrında sazişin təsdiq edilməsi barədə müvafiq qanun Prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib. 2022-ci ilin dekabrında isə Azərbaycan Respublikası ilə ICESCO arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı imzalanıb.