İyunun 22-də Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (1897-1961) anadan olmasının 126-cı ildönümü tamam oldu. Bu münasibətlə həmin gün Bülbülün Memorial Muzeyində tədbir keçirilib.

Muzeyin müdiri Fərqanə Cabbarova çıxışında Bülbülün yaradıcılığından bəhs edib. O, Ümummilli lider Heydər Əliyevin Bülbülün sənətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Əməkdar artistlər Ramil Qasımov, Anar Şuşalı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Bülbülün Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıblar.

Ümummilli lider Heydər Əliyevin Bülbülün 100 illik yubileyindəki çıxışının yer aldığı və dahi sənətkarın yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, Azərbaycan Milli Konservatoriyasının tələbələri, muğam müsabiqəsinin diplomantları, İncəsənət gimnaziyasının şagirdləri iştirak ediblər.