“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının əcnəbi iştirakçıları iyunun 22-də Bakıda növbəti konsert proqramları ilə çıxış ediblər.

Beynəlxalq Muğam Mərkəzində misirli müğənni, bəstəkar, virtuoz ud ifaçısı Mustafa Said özünün yaratdığı “Asil” adlı ansambl ilə çıxış edib.

Konsertdən əvvəl Mustafa Said Bakıda çıxış etməkdən məmnunluğunu vurğulayıb: “Belə zəngin musiqi irsinə sahib bir ölkədə keçirilən “Muğam aləmi” festivalında iştirak etmək böyük şərəfdir. Təsis etdiyim musiqi ansamblı 2003-cü ildə yaranıb. Əsas məqsəd müasir ərəb musiqisini klassik ənənələrə istinad edən yeni səviyyəyə çatdırmaqdır. Ansamblla birgə poeziya, tarix, ədəbiyyat və musiqidən ilhamlanaraq bir sıra yeni kompozisiyalar yaratmışıq".

Mustafa Said 2019-cu ildə "Aga Khan Music Awards"un qalibi olub. 2009-2022-ci illərdə "AMAR Foundation for Arabic Music Archiving and Research"ın direktoru vəzifəsində çalışıb. Fond ərəb dünyasında ərəb musiqisinin audio arxivləşdirilməsi ilə məşğul olur. Hazırda Beyrutda yaşayan musiqiçi karyerasını klassik ərəb repertuarının bərpasına həsr edib. Yaratdığı "Asil" ansamblı bir neçə albom hazırlayıb.

***

“Muğam aləmi” festivalının 5-ci günündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında da konsert olub. Burada Yunanıstanın "En Chordais" musiqi ansamblı çıxış edib.

Ansambl Aralıq dənizinin multikultural, elmi və populyar musiqi ənənələri sahəsində fəaliyyət göstərir. Kollektiv Aralıq dənizi ölkələrinə xas olan musiqini regional yunan müasir tendensiyaları ilə uğurla uyğunlaşdırır. Ansambl dünyanın tanınmış musiqi səhnələrində çıxışı və məşhur musiqiçilərlə əməkdaşlığı ilə tanınır.

***

İyunun 22-də festivalın daha bir konserti Azərbaycan Milli Konservatoriyasında keçirilib. Konsertdə hindistanlı vokalçı Varijashree Venugopal, violin ifaçısı Jyotsna Srikanth, azərbaycanlı truba ifaçısı, bəstəkar Firudin Həmidov çıxış ediblər.