Göyçay rayon Rəsul Rzanın Ev-Muzeyində Xalq şairi Nigar Rəfibəylinin (1913-1981) 110 illik yubileyinə həsr edilmiş “Açılmamış bir kitabdır insan ömrü...” adlı ədəbi-bədii tədbir keçirilib.

Muzeyin direktoru Solmaz Həsənovanın giriş sözündən sonra çıxışlar dinlənilib. Rəfibəylilər nəslinin Azərbaycan tarixində, ictimai-siyasi həyatında oynadığı roldan, həmçinin Nigar Rəfibəylinin poetik dünyasından bəhs olunub. XX əsr Azərbaycan poeziyasında Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin yerindən söz açılıb.

Göyçay Peşə liseyinin şagirdləri Səmayə Manafova və Fidan Kərimova N.Rəfibəylinin “Vətənim” və “Günəş doğanda” şeirlərini söyləyiblər.

Tarzən Rövşən Zamanovun ifasında şairənin sözlərinə yazılmış mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbir tanınmış müğənni Akif İslamzadənin ifasında Xalq artisti Emin Sabitoğlunun N.Rəfibəylinin şeirinə bəstələdiyi “Alagözlüm” mahnısının lent yazısının səsləndirilməsi ilə başa çatıb.

Nurəddin