Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın (1933-2004) doğulduğu Şahbuz rayonunun Nursu kəndindəki ev-muzeyinin yaradılmasının 10-cu ildönümü tamam olub.

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ev-muzeyində bu münasibətlə tədbir keçirilib.

NMR mədəniyyət nazirinin müavini Həsən Kərimov Məmməd Araz poeziyasının təkrarsızlığından, özündən sonra gələn ədəbi nəsillər üçün poetik körpü rolunu oynamasından danışıb. Qeyd olunub ki, Xalq şairinin zəngin ədəbi irsi istiqlal təfəkkürünün formalaşmasına, vətənpərvərlik ruhunun yüksəlməsinə mühüm töhfələr verib.

Bildirilib ki, vətənpərvər şairin yaradıcılığını yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyevin fərmanı ilə ona “İstiqlal” ordeni verilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə Məmməd Arazın 80 illik yubileyi ölkəmizdə geniş qeyd olunub. Dünyaya göz açdığı kənddə ev-muzeyinin yaradılması da şairin yaradıcılığına dövlət tərəfindən verilən dəyərin bariz nümunəsidir.

Sonra AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun “Məmməd Araz düşüncəsi ilə “Dədəm Qorqud səsləməsi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Xalq şairinin poemaları, xüsusən də “Atamın kitabı” və ömrünün sonlarına yaxın qələmə aldığı “Dədəm Qorqud səsləməsi” poeması müəllifin folklorumuza, söz yaddaşımıza necə dərindən bələd olduğundan xəbər verir.

Sonra Məmməd Arazın qardaşı qızı Xatirə İbrahimova təbiəti özünün ən böyük ilham çırağı adlandıran şairlə bağlı xatirələrini bölüşüb.

Ev-muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, şairin zəngin bədii irsinin qorunub saxlanılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rola malik olan muzeydə hazırda 1200-ə yaxın eksponat mövcuddur.

Sonra muzeyin kollektivi Naxçıvan MR Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Tədbirin bədii hissəsində Şahbuz rayon Uşaq musiqi məktəbinin şagirdlərindən ibarət sazçalanlar ansamblı tərəfindən Məmməd Arazın şeirləri saz havaları üstündə oxunub, Nursu kənd tam orta məktəbinin şagirdləri Xalq şairinin şeirlərini səsləndirib. Sonda muzeyin ekspozisiyasına baxış olub.