İyunun 24-də Mədəniyyət Nazirliyində Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO baş direktorunun müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli səfərin UNESCO ilə ölkəmiz arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan nazir Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və bu platforma çərçivəsində keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib. Qlobal pandemiya ilə əlaqədar yaranmış fasilədən sonra növbəti – VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə başlanıldığı diqqətə çatdırılıb. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyi nəzərə alınaraq, növbəti foruma hazırlıq prosesində də təşkilatın müvafiq töhfə verəcəyinə ümid ifadə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən Qabriela Ramos mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini vurğulayıb. O, UNESCO-nun da fəal iştirak edəcəyi növbəti forumun dəyişən dünyamıza daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını deyib.

Baş direktorun müavini ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr olunmuş e-platformasının yaradılmasında, eləcə də İpək Yolları proqramı çərçivəsində təşkilatla fəal əməkdaşlığına və proqramın 35 illiyi münasibətilə bu yaxınlarda keçirilən tədbirlərdə iştirakına görə xüsusi təşəkkürünü bildirib. Azərbaycanın UNESCO çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramlarda fəallığı ilə seçildiyi təqdir olunub.

Görüşdə digər istiqamətlər üzrə də ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin süni intellekt və müxtəlif müasir texnologiyaların qlobal mədəniyyətə təsirləri, həmçinin bu təsirlərin etik və hüquqi tənzimlənməsi istiqamətində qlobal institusional təşəbbüslər müzakirə edilib.

Baş direktorun müavini Azərbaycanın mədəniyyət nazirini 13 iyul tarixində keçiriləcək və sözügedən mövzuların ətraflı müzakirə ediləcəyi Neyrotexnologiyanın Etikasına dair Beynəlxalq Konfransa, həmçinin 29 noyabr tarixində San-Paolada keçiriləcək İrqçilik və Diskriminasiyaya qarşı Qlobal Foruma dəvət edib.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.