Əməkdar mədəniyyət işçisi, tanınmış xalçaçı Fatimə Ağamirzəyeva iyunun 25-də, 70 yaşında vəfat edib.

Fatimə Ayıbxan qızı Ağamirzəyeva 10 yanvar 1953-cü ildə anadan olub. Quba Kənd Təsərrüfatı Texnikumunda (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci), Dağıstan Politexnik İnstitutunda (Mahaçqala şəhəri) təhsil alıb.

1974-cü ildə Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilədək bu kurslara rəhbərlik edib. Kursları aparmaq üçün tədris vəsaiti hazırlayıb. Daha sonra xalçaçılıq üzrə sahibkarlıq fəaliyyətinə başlayıb. Qubada “Aygün” xalça firmasını təsis edib, burada ərsəyə gələn xalçalar xalq sənətkarlığı ilə bağlı sərgi və festivallarda uğurla nümayiş olunub. Firmanın nəzdində modelyerlik və xalçaçılıq üzrə peşə kursları da fəaliyyət göstərib.

Ömrünün 40 ildən çoxunu xalça sənətinə həsr edən Fatimə Ağamirzəyeva “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyinə də rəhbərlik edib. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.

Allah rəhmət eləsin.