Azərbaycanla UNESCO ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları iyunun 25-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə müzakirə olunub.

Fuad Nağıyev DTA-nın fəaliyyəti, Azərbaycanda turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər barədə məlumat verib. Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılmasının, həmçinin turizm sahəsində təcrübə mübadiləsinin vacibliyi qeyd edilib.

Agentlik sədri diqqətə çatdırıb ki, Azərbaycanın tarixi İpək Yolu üzərindəki zəngin ticarət və mədəni mübadilə irsi regionu mühüm turizm məkanına çevirmək baxımından mühüm potensialdır.

Xanım Qabriela Ramos UNESCO və Azərbaycanın İpək Yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi yolu ilə mədəniyyətlərarası dialoq və mədəni turizmin inkişafında qarşılıqlı maraqları olduğunu bildirib.

Görüş zamanı bu istiqamətdə fəaliyyət çərçivəsində yeni layihənin işlənməsi üzrə planlar müzakirə olunub. Qeyd olunub ki, layihə İpək Yolu ölkələrinin iştirakı ilə mədəni irs və mədəni turizm elementlərindən ibarət tədbirləri ehtiva edəcək.

Yeni layihənin məzmununun işlənib hazırlanması məqsədilə tezliklə imzalanacaq niyyət sənədinin şərtləri və atılacaq ilk addımlar haqqında fikir mübadiləsi aparılıb.