26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günüdür. Ordumuzla bağlı bu əlamətdar gün Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsis edilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – Əlahiddə Korpus yaradılıb. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verilib.

Azərbaycan Respublikasında müasir ordu quruculuğu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu, düşmən üzərində şanlı Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

105 yaşlı Ordumuzun bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü” adlı virtual ənənəvi sərgilər hazırlanıb.

Virtual sərgidə görkəmli şəxsiyyətlərimizin Azərbaycan Ordusu haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə bağlı Milli Kitabxananın fondunda mühafizə olunan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/26_Iyun_Azerbaycan_Silahli_Quvveler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.