Xəbər verildiyi kimi, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY bu il Türk dünyası məktəbliləri arasında inşa və rəsm müsabiqələri keçirir. Hər iki müsabiqə TÜRKSOY-un 30 illik yubileyinə həsr olunub.

Təşkilatın baş katibi Sultan Raev “Mədəniyyət” qəzetinə açıqlamasında bildirib ki, fevral ayında elan olunan “Türk dünyasının qızıl körpüsü TÜRKSOY” mövzusunda inşa müsabiqəsində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan məktəbliləri iştirak ediblər: “Müsabiqəyə üzv ölkələrdən böyük maraq oldu. Şərtlərə görə, hər ölkədən 10 məktəblinin inşası TÜRKSOY-a göndərilməli idi. Ölkələrin təhsil nazirlikləri ölkə miqyasında elan edilən müsabiqə üzrə 10 inşanı seçərək bizə göndərdi. Onların arasından 3 ən yaxşısı seçiləcək və mükafatlandırma olacaq. Hər şagird öz ana dilində inşa yazıb. Bu baxımdan jürinin işi çoxdur”.

Sultan Raev təşkilata üzv ölkələrin məktəbliləri arasında “Türk dünyası uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin isə artıq yekunlaşdığını bildirib.

Baş katib müsabiqələrin hər ölkənin təhsil nazirliklərinin koordinasiyası ilə müəyyən edildiyini deyib: “Qaliblərin mükafatlandırması Ankarada keçiriləcək. Əminəm ki, bu məktəblilər üçün çox əyləncəli və yaddaqalan bir səfər olacaq”.

Sultan Raev Türk dünyası məktəbliləri arasında rəsm və inşa müsabiqələrinin növbəti illərdə də keçirəcəyini deyib.

Mehparə Sultanova
Ankara