26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci ilin 26 iyun tarixində Milli Ordunun əsasını qoyan ilk qoşun birləşməsi – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Mövcud olduğu qısa müddətdə ilk respublikamızın suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasında müstəsna rol oynayan Milli Ordu 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən süquta uğradılandan sonra ləğv edildi...

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi və Milli Ordunun yenidən qurulması prosesi başlandı. 1993-cü ildə siyasi hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev ordu quruculuğunu xüsusilə diqqət mərkəzində saxladı. Azərbaycanın hərbi qüdrətinin artırılması, nizami ordunun yaradılması üçün təxirəsalınmaz addımlar atıldı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Qələbə qazandı, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan Ordusunun 105 illiyi münasibətilə bölgələrdə müxtəlif tədbirlər keçirilib.

Quba rayon MKS və B.Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və ordu quruculuğu” adlı tədbir keçirilib. Çıxış edənlər Ordumuzun şücaəti, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər haqqında söz açıblar. Bədii hissədə mərkəzin “Gözəl Quba” instrumental ansamblı tərəfindən konsert proqramı təqdim olunub.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, YAP Ağcabədi rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib. Əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş səyyar sərgiyə baxış olub. Çıxışlarda Ümummilli liderin ordu quruculuğu sahəsində gördüyü misilsiz işlərdən, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışılıb. Sonda müzəffər Azərbaycan Ordusuna həsr edilmiş film nümayiş olunub.

Ağdam rayon Heydər Əliyev Mərkəzində isə Ordumuzun bayramı ilə bağlı konfrans keçirilib. Çıxış edənlər müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan güclü Azərbaycan Ordusunun Heydər Əliyevin şah əsərlərindən biri olduğunu bildirib, Ulu öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən söz açıblar.

***

Sabirabad RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbi tərəfindən konsert proqramı təqdim olunub.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda dəyirmi masa təşkil edilib. Çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısından bəhs olunub.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Zəfər tarixi yazmış şanlı Ordumuz” adlı tədbir keçirilib. Tədbirdə Silahlı Qüvvələr Gününə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və şəhər Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müəllim və şagirdlər tərəfindən konsert proqramı təqdim olunub.

***

Cəbrayıl rayon Mədəniyyət evinin Qalacıq kənd klubunda rayon MKS-nin və klub işçilərinin iştirakı ilə "Ordun varsa, yurdun var!" adlı dəyirmi masa təşkil edilib.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Vətənə əsgər olaq!” mövzusunda tədbir keçirilib. Tədbirdə “Mübariz Ordumuz” adlı sərgi nümayiş olunub.

Masallı rayon Mərkəzi Kitabxanasında “Tariximizin Zəfər səhifəsini yazan müzəffər Azərbaycan Ordusu” adlı tədbir keçirilib. Qeyd olunub ki, Heydər Əliyevin siyasət məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusu formalaşıb. Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi məhz bu müdrik siyasətin parlaq təzahürüdür.

Hazırladı: N.Məmmədli