M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bideyiz kənd Folklor evində Xalq şairi Nigar Rəfibəylinin (1913-1981) 110 illiyi münasibətilə “Zərif duyğular şairi” mövzusunda tədbir keçirilib. Şairənin həyat və yaradıcılığı haqqında məlumat verilib, poeziyasından nümunələr səsləndirilib, sözlərinə yazılmış mahnılar dinlənilib.

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində kinorejissor, ssenarist, Xalq artisti Xamis Muradovla görüş keçirilib. Xamis Muradovun həyat və yaradıcılığından danışılıb, iştirakçıların sualları Xalq artisti tərəfindən cavablandırılıb. Sonda kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunub.

***

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano sinfində təhsil alan Arzu Salahova Türkiyədə keçirilən “Caspi art” XI beynəlxalq incəsənət müsabiqəsində Qran-pri diplomuna layiq görülüb. Müsabiqəyə şagirdi hazırlayan müəllimi Sevda Seyidəliyeva isə sertifikatla təltif olunub.

***

Ağdam rayon R.Məmmədov adına Döyüş Şöhrəti Muzeyində rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə Birinci Qarabağ müharibəsi şəhidləri Mübariz Dadaşov və Famil Əbdülrəhmanovun xatirələrinə həsr olunmuş anım tədbiri keçirilib. Hər iki şəhid haqqında videoslayd nümayiş olunub. Sonda tədbir iştirakçıları şəhidlərin muzeydə saxlanılan foto və əşyaları ilə tanış olublar.

Nurəddin