Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə dünyanın müxtəlif ali tədris ocaqlarında Azərbaycan mədəniyyəti mərkəzləri yaradılır. Növbəti belə mərkəz Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda, Çeçenistan Dövlət Pedaqoji Universitetində təşkil edilib.

Bu münasibətlə keçirilən mərasimi Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov açıb.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova universitetin rektoru akademik Kamal Abdullanın salamlarını tədbir iştirakçılarına çatdırıb.

Çeçenistan Parlamentinin deputatı A.Naqaev, Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya məsələləri üzrə nazir müavini M.Başirov, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, digər çıxış edənlər təşəbbüsün əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, xarici ölkə universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması ADU-nun rektoru akademik Kamal Abdullanın ideyasıdır. Sayca yeddinci mərkəz Çeçenistan Dövlət Pedaqoji Universitetində təşkil edilib.

***

Qeyd edək ki, iyunun 21-də Qroznı şəhərində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir də keçirilib.

Tədbir iştirakçıları şəhərdəki Heydər Əliyev parkında Ulu öndərin memorial abidəsini ziyarət ediblər. Mərasimdə Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İ.Bayxanov, ADU-nun prorektoru J.Qəribova, AYB-nin katibi S.Babullaoğlu, Çeçenistan Yazıçılar İttifaqının sədri A.Yelsaev çıxış ediblər.

Sonra tədbir Çeçenistan Dövlət Pedaqoji Universitetinin Elmi şurasında Heydər Əliyevə həsr olunmuş məruzələrlə davam edib.