AMEA-nın Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənovun və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitab çapdan çıxıb.

Şəki Regional Elmi Mərkəzi Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Mehman Süleymanovdur. Nəşrə millət vəkili Vüqar İsgəndərov ön söz yazıb.

Kitabda tədqiqatçı alim Tağı Musəvinin (1918-2000) 1969-cu ildə “Şəki fəhləsi” qəzetində hissə-hissə çap olunmuş “Şəkinin Orta əsrlər tarixi haqqında” adlı geniş məqaləsinin elmi-tənqidi mətni, XVI-XVIII əsrlər Şəkisinə aid tərcümə etdiyi rəsmi sənədlər öz izahları ilə birlikdə geniş oxucu kütləsinə təqdim olunur. T.Musəvinin bu araşdırmalarında əsasən XVI əsrin başlanğıcı ilə XVIII əsrin 40-cı illəri arasındakı dövrdə Şəki ilə Səfəvilər dövləti arasındakı münasibətlər, Şəkinin Səfəvilər dövlətində mövqeyi, bölgədə baş verən ictimai-siyasi proseslər və s. məsələlər yer alıb.