Uzun fasilədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq.

İyulun 19-u saat 19:00-da təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər.

Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir...

Qeyd edək ki, Musiqili Teatrın “Toya bir gün qalmış” tamaşasının premyerası 2015-ci ilin 16 aprelində olub. Səhnə əsəri sonuncu dəfə 2020-ci ilin 15 fevral tarixində nümayiş etdirilib.