Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə 18-25 iyun tarixlərində keçirilən “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Builki festival Azərbaycan, Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçiləri bir araya gətirib.

İyunun 25-də Heydər Əliyev Mərkəzində festivalın yekun konserti olub. Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, festivalın çoxsaylı xarici qonaqları da iştirak ediblər.

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən festivalın iştirakçısı Vasımatı Qabrinati deyib: “2009-cu ildə keçirilən birinci Beynəlxalq Muğam Festivalından sonra iştirak etdiyim ən yaxşı festivaldır. 10-dan çox ölkədən musiqiçiləri bir arada görmək çox xoşdur. Biz bu festivaldan zövq aldıq”.

Tələbəsi Matyö ilə Əfqanıstandan gəlmiş Daud Xan Sadozai Bakıda olmaqdan məmnunluq duyduğunu deyib. Onlar “Muğam aləmi” festivalını özləri üçün böyük mənəvi sərvət hesab etdiklərini deyiblər.

Festivalın yekun konsertinə “Natiq” ritm qrupu start verib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” ansamblının rəqsi gecəyə xüsusi rəng qatıb.

Səhnəyə dəvət olunan festival çərçivəsində keçirilmiş beynəlxalq muğam müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi festivalın əhəmiyyətindən və Azərbaycanda muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq layihəyə çevrilib. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.

Beynəlxalq muğam müsabiqəsi barədə danışan S.Kərimi deyib ki, müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edib. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparıb. Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov səkkiz gün davam edən festival çərçivəsində çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb: “Biz çox sevinirik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş festival artıq öz ənənələrini yaradıb. Altıncı dəfə reallaşan beynəlxalq festivalın keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığımızı ifadə edirik”.

Nazir müavini deyib ki, ölkəmizin mədəni həyatında böyük əhəmiyyət kəsb edən bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, bölgələrdə də keçirildi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad olunmuş muğam-sənət beşiyimiz, mədəniyyət paytaxtımız Şuşa şəhərində, eləcə də Ağcabədidə konsertlər təşkil olunub.

Onun sözlərinə görə, builki “Muğam aləmi” festivalının bir özəlliyi də, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nə təsadüf etməsindədir.

Sonra Beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin xanəndəlik kateqoriyasında baş mükafatı – Qran-prini Mohiçehra Şahmurotova (Özbəkistan) qazanıb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutub.

İnstrumental ifaçılıq kateqoriyasında Qran-pri mükafatına tarzən Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan, balaban), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan, rübab), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan, kamança) sahib olub.

Bədii proqramla davam edən gecədə məşhur kamança ifaçısı İmamyar Həsənovun Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovla birgə ifası alqışlarla qarşılanıb.

Festivalla bağlı təəssüratlarını bölüşən hindistanlı musiqiçi Vasumathi Badrinathana Azərbaycan tanınmış muğam ifaçısı Səkinə İsmayılova ilə birlikdə iki qədim ifa sistemi olan muğam və “Muraaqam”ı ifa etməsindən məmnunluğunu bildirib.

Festivalın yekun konsertində 6-cı Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri səhnəni Əməkdar artistlər Fərqanə Qasımova, Elnur Əhmədov, Təyyar Bayramov və digərləri ilə bölüşüblər. Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və bu zərbi muğamı Xalq artisti Mənsum İbrahimov konsertin bütün iştirakçıları ilə birgə təqdim edib.